QƏLƏNDƏR CƏFƏROV

Cəfərov Qələndər Məhərrəm oğlu 1937-ci ildə Göyçə mahalının Krasnoselo rayonunun Ardanış kəndində anadan olub. 1956-1959-cu illərdə hərbi xidmətini başa vurub. Ordudan tərxis olunduqda sonra – 1960-1976-cı illərdə Ardanış kənd kolxozunda sürücü işləyib. 1976-1988-ci ilə kimi isə sovxozda tarlaçılıq briqadasının briqadiri işləyib və bu illər ərzində İrəvan Kənd Təsərrüfatı Texnikumunun zootexnika fakültəsini bitirib. 1988-ci ildə məlum hadisələrlə bağlı doğma kəndini tərk etmək məcburiyyətində qalıb və ailəsi ilə birgə Bakıda məskunlaşıb. Sonra B.Sərdarov adına Neft Maşınqayırma zavodunda çilingər işləyib. Hal-hazırda təqaüdçüdür. Yeddi övladı var. Vətən həsrətli və digər mövzularla bağlı gözəl şeirlər yazır

 

 

SƏNSİZ

 

Yaman darıxıram a Göyçə sənsiz,

Gözümdə çovğunlu qışın canlanır.

Əl çatmaz qayalar, ün yetməz dağlar,

Çiskinin, dumanın, qarın canlanır.

 

Yaman darıxıram a Göyçə sənsiz,

Gözümdə baharın, yazın canlanır.

Toyda, məclislərdə sazın havası,

Kef, damağın, şən həyatın canlanır.

 

Yaman darıxıram a Göyçə sənsiz,

Qoynuna köçməyə bir arzum qalıb.

Əsib qara yellər, güllərin solub,

Bülbüllü bağları bayquşlar alıb.

 

Yaman darıxıram a Göyçə sənsiz,

Bir anım keçməyir qüssə, kədərsiz,

Əli daş altında nakam, imkansız,

Ölülər gözümdə hər an canlanır.

Qələndər Cəfərov 25. 09. 1988

 

GÖYÇƏ GÖLÜ

 

Hər yandan dağlara arxalanırsan,

Arpa çayı gəlib dalğalanırsan,

Qışda gəlin kimi sırğalanırsan,

Mirvari buzlarla, a Göyçə gölü

 

Içən bilir suyun buz tək, sərindi,

Nəğmən bəzən zildi, bəzən həzindi,

Aşıq Alınındı, Ələsgərindi,

Göyçəmə bəzəksən, a Göyçə gölü.

 

Çatıbdı ayağın düz İrəvana,

Orada həyat verir bağa, bostana,

Əgər dönüb baxsan o gündoğana,

Qibləm, qibləgahım, a Göyçə gölü

 

Qızıl balıq, siqa dadlı nemətin,

Dünyada sənə tay tapılar çətin,

Qələndərəm deyim qədir qiymətin,

Suyun içən bilər,  a Göyçə gölü.

 

Qələndər Cəfərov 20.12.1963

GÖYÇƏ DUYĞULARI

 

O dağların zirvəsinə,

Gör nə qədər dolanmışam.

Leysan yağan yağışında,

Gecə, gündüz islanmışam.

Paltarım yaş sazaq vurub,

Titrəmişəm yarpaq kimi.

Cavanlığın eşqi olub,

Mənim körpə ürəyimdə.

Fəqət qarnım ac olubdu,

Güc qalmayıb biləyimdə.

Qaçıb –qaçıb qızışmışam,

Alışmışam ocaq kimi.

Bircə dəfə çətinlikdən,

Olmayıbdır şikayətim.

Ağır işlər qorxutmayıb,

Böyüdüblər məni mətin.

Kotan sürüb, şumlamışam,

Hər yaz, payız tarlaları.

Qoy bol olsun doğma kəndin,

Arpa, buğda taxıl varı.

Anbarları aşıb, daşıb,

Hər məhsulu löyün – löyün.

Çox dadlıydı nemətləri,

Göyçə adlı o diyarın,

Hara baxsan o dağ, dərə,

Gül- çiçəyə bürünürdü.

Çiskin, yağış, dumanları,

Dərələrdən sürünürdü.

Gəl, seyr elə gözəlliyi,

Cənnət məkan görünürdü.

Güneylərdə kəklik, turac,

Mahnısını oxuyurdu.

Mənzərəni görən hər kəs,

Güldən çələng toxuyurdu.

Bu torpağın nemətləri,

Aşıb, daşıb sel olurdu.

Doğulan hər körpə uşaq,

Igid, kişi, ər olurdu.

İnəklərin naxırları

Yamaclara zilləniridi,

Milçəklərdən can qurtarıb,

Sərinləşib yellənirdi.

Qoyun, keçi günortalar,

Bərələrdə sağılırdı,

Quzuları əmizdirib,

Yamaclara dağılırdı,

Göyçəmizin əti, yağı

Bax beləcə bollanırdı.

Satılmağa şəhərlərə,

Hər tərəfə yollanırdı.

Səd heyif ki, bu varlığı,

Sarı iblis əldən aldı.

Bayquş oğlu Bayquş kimi,

Uçuq viranədə qaldı.

Qələndərəm bu naməni,

Yazıram o bir Allaha,

Yəqin özü kərəm edər,

Namərdi qoymaz sabaha.

Qələndər Cəfərov 25.01.2018